“Financial Times” – Vaşinqton Moskva ilə Ukraynada müharibənin başa çatdırılması haqda danışıqlar çərçivəsində Amerika neft şirkətlərinin Rusiya bazarına qayıtması məsələsini müzakirə edir

22:06, 28.10.2026

 

ABŞ və Rusiya arasında müzakirə olunan layihələr arasında Saxalin şelfində Amerika və rus neft şirkətlərinin birgə müəssisəsinin fəaliyyətinin bərpa edilməsi, eləcə də Amerika biznesinin “Druzhba” kəməri vasitəsilə Avropaya rus neftinin tədarükünün bərpasında iştirakı var. Bu barədə “Financial Times” yazır.

Britaniya nəşrinin yazdığı kimi, tərəflər həmçinin Amerika aviaşirkətləri üçün Rusiya hava məkanının yenidən açılmasını, titan istehsalı sahəsində əməkdaşlığı və rus şirkəti “Novatek”in Alyaskada durulaşdırılmış təbii qaz istehsalı layihəsində iştirakını müzakirə edirlər.

Nəşrin qiymətləndirməsinə əsasən, bu təşəbbüslərin reallaşması perspektivi qeyri-müəyyəndir. Məsələn “Financial Times” əvvəllər “Saxalin-1” layihəsində 30%-lik paya sahib olan Amerika enerji şirkəti “ExxonMobil”i göstərir. Hazırda şirkət müsadirə olunmuş payın əvəzinə təzminat alınması məsələsi üzrə danışıqlar aparır, lakin Rusiya bazarına qayıtmaq planları barədə bəyanat verməyib.

Medianın məlumatında, Vaşinqtonun Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukraynada sülh sazişinin əldə olunması üçün mümkün stimul kimi dəyərləndirdiyi deyilir. Bununla yanaşı, amerikalı rəsmi şəxslər oxşar layihələrin həyata keçirilməsinin yalnız müharibə başa çatdıqdan sonra mümkün olacağını vurğulayırlar.

Vaşinqton Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində irəliləyişin Abu-Dabidə planlaşdırılan növbəti üçtərəfli danışıqlarda əldə olunacağına ümid edir. Görüşün əsas mövzusu müharibə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri olacaq.

Oxşar