“Financial Times” – Ukrayna ABŞ vitse-prezidenti Cey Di Vensin xahişindən sonra Novorossiysk limanı yaxınlığında intensiv hərbi əməliyyatları dayandırıb
“Financial Times” – Ukrayna ABŞ vitse-prezidenti Cey Di Vensin xahişindən sonra Qara dənizin mühüm limanı olan Novorossiysk yaxınlığında intensiv hərbi əməliyyatları dayandırıb. Bu barədə nəşr mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Ukraynanın zərbələrinin neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinə zərər vura biləcəyindən narahat olub.
“Financial Times”ın məlumatına görə, Cey Di Vens iyulun 31-də telefon danışığı zamanı Volodimir Zelenskiyə hücumları dayandırmağı xahiş edib. Bundan sonra Ukrayna terminalın yaxınlığındakı tankerlərə zərbələr endirməyib.
Söhbət Qazaxıstan neftini Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalına daşıyan tankerlərdən gedir.
Mənbələrin bildirdiyinə görə, Ukrayna CPC-nin infrastrukturuna, həmçinin Ukraynanın sanksiyaları altında olmayan və Rusiya nefti və ya digər Rusiya yükü daşımayan gəmilərə zərbə endirməməyə razılaşıb.
“Financial Times”ın məlumatına görə, ABŞ administrasiyasının nümayəndəsi Vaşinqtonun Kiyevdən Qara dənizdə CPC infrastrukturuna zərbə endirməməyi xahiş etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu konsorsium Avropa üçün əhəmiyyətlidir, çünki onun boru kəməri ilə Qazaxıstan nefti daşınır və bu, Avropa üçün Rusiya neftinə alternativdir.
Nəşrin mənbəsinin məlumatına görə, Kiyev Donald Tramp administrasiyasının xahişi ilə razılaşıb, çünki ABŞ-dan “Patriot” tipli raket sistemlərinin istehsalı üçün lisenziya almağa çalışır.