„Financial Times“ – Estoniya „aktiv müdafiə“ strategiyası çərçivəsində Rusiya sərhədi yaxınlığında qoşun yerləşdirilməsini gücləndirir
Estoniya „aktiv müdafiə“ strategiyası çərçivəsində Rusiya sərhədi yaxınlığında qoşun yerləşdirilməsini gücləndirir. Bu barədə „Financial Times“ yazır.
Estoniya hökumətinin nümayəndələrinin sözlərinə görə, Rusiyanın mümkün təcavüzünə hazırlıq çərçivəsində ölkənin Birinci Briqadasının əsas qüvvələri Tapa şəhərindən Rusiyanın sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə köçürülür.
Onların bildirdiyinə görə, bu qərar „aktiv müdafiə“ strategiyası çərçivəsində qəbul edilib.
Yeni strategiya çərçivəsində Birinci Briqada Tapadan Yıhviyə daimi olaraq yerləşdiriləcək. Burada hərbçilər üçün yeni infrastruktur tikilir. Həmçinin sərhədyanı Narva şəhərində min hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulan hərbi baza inşa edilir.
Estoniya hökumətinin nümayəndələrinin məlumatına görə, ölkə qoşunlarını mərhələli şəkildə Rusiya sərhədinə daha yaxın ərazilərdə yerləşdirəcək və Rusiyanın ərazisinin dərinliklərinə zərbələr endirməyə imkan verən silahlar əldə edəcək.
Estoniya Birinci Briqadasının komandiri, polkovnik Tarmo Kundlanın sözlərinə görə, ölkənin müdafiəsi Rusiya sərhədindən başlamalıdır.