“Financial Times” – Con Ratkliff Rusiya və Ukrayna məsələsi üzrə ABŞ-ın danışıqlarında aparıcı rol almağa hazırlaşır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff Rusiya-Ukrayna danışıqlarında aparıcı rol almağa hazırlaşır – “Financial Times” bu başlıqla məqalə yayıb.
Nəşrin mənbələrə istinadən yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Rusiya və Ukrayna məsələsi üzrə ABŞ danışıqlarında daha fəal iştirak etməyə hazırlaşır. Bu barədə ABŞ rəsmiləri avropalı həmkarlarını məlumatlandırıblar.
Məlumatlı mənbələrin bildirdiyinə görə, bu dəyişiklik Ağ Evin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin prosesə cəlb olunmasının azaldılması məsələsini nəzərdən keçirdiyi bir vaxtda müzakirə olunur. Bununla yanaşı, Ratkliff hər iki ölkənin kəşfiyyat qurumlarının nümayəndələri ilə əlaqələri davam etdirəcək.
Ağ Ev və CIA bu dəyişikliklə bağlı şərh verməkdən imtina edib.
“Financial Times”ın mənbəsinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hələ yekun qərar qəbul etməyib. Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, Uitkoffun Yaxın Şərqdəki danışıqları da əhatə edən sülh məsələləri üzrə ABŞ xüsusi nümayəndəsi vəzifəsini, böyük ehtimalla, qoruyub saxlayacağı gözlənilir.
Bununla yanaşı, Uitkoff Ukrayna məsələsində də iştirakını davam etdirə və bu istiqamətdə Ratkliff ilə birlikdə işləyə bilər.
Məlumat üçün bildirək ki, CIA direktoru Con Ratkliff avqustun 25-də Moskvaya səfər edib. Qərb mediası Ratkliffin Moskvaya səfərinin bir neçə mümkün səbəbi barədə yazıb. Bunlar sülh danışıqlarına başlamağa çağırışdan və Rusiyanı NATO ölkələrinə hücum etməkdən çəkindirməkdən tutmuş, İranla əməkdaşlığın azaldılmasına çağırışa qədər müxtəlif ehtimalları əhatə edib.
Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-i və 6-da ardıcıl olaraq Rusiya və Ukrayna liderləri ilə danışıqlar aparıblar.