“Financial Times” – Bu il Avropada meşə yanğınlarının səbəb olduğu zərər üç milyard avronu keçib
Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və Rumıniyada ilin əvvəlindən bəri meşə yanğınlarının səbəb olduğu zərər 3,1 milyard avro təşkil edir – bu barədə “Financial Times” yazır.
Nəşrin məlumatına əsasən, qeyd olunan məbləğə yanğın nəticəsində məhv olmuş ərazilərin ilkin vəziyyətinə qaytarılması xərcləri daxildir. Bunların sırasına yeni ağacların əkilməsi və meşələrin bərpası işləri daxildir. Bir hektarın bərpasının dəyəri ölkələrə və ekosistemlərə əsasən fərqlənir.
“Financial Times”ın yazdığı kimi, real zərər ola bilsin daha yüksəkdir.
Nəşrin məlumatına əsasən, yanğın mövsümünün ilk iki ayında yalnız bu beş Avropa ölkəsində təxminən yarım milyon hektar ərazi yanaraq kül olub. Lakin yekun ziyan daha böyük ola bilər, çünki sığorta şirkətləri, ailələr və bizneslər əmlaka dəyən zərər, məhsulun məhv olması və turizm sektorunda yaranan itkiləri hələ də hesablamaqdadırlar.
Bununla yanaşı, nəşrin qiymətləndirməsində son dövrlərdə Yunanıstanda baş verən yanğınların vurduğu zərər və Avropa İttifaqının digər ölkələrinin göstəriciləri tam şəkildə nəzərə alınmayıb.