Fevralın 25-26-da Quriya bölgəsində təcili yardım həkimləri 81 çağırışa gediblər, 44 nəfərə yerindəcə yardım göstəriblər, 30 nəfər xəstəxanaya yerləşdirilib
Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qərbi Gürcüstanda güclü qar yağması ilə əlaqədar təcili yardım briqadaları fövqəladə rejimdə işləməyə davam edirlər.
Onların məlumatına əsasən, fevralın 25-26-da Quriya bölgəsində – Ozurqeti, Çoxatauri və Lançxuti munisipalitetlərində təcili yardım həkimləri 81 çağırışa gediblər. 44 nəfərə yerindəcə tibbi yardım göstəriblər, müxtəlif xüsusi tibbi yardıma ehtiyacı olan vətəndaşlar da daxil olmaqla 30 nəfər xəstəxanaya yerləşdirilib.
“Kənd həkimləri prosesdə fəal iştirak edirlər, vətəndaşlara telefonla məsləhətlər verirlər, eləcə də yerindəcə dərman preparatları onlara çatdırılır.
Qərbi Gürcüstanda güclü qar yağması ilə əlaqədar təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün koordinasiya qərargahı yaradılıb, Daxili İşlər Nazirliyinin xilasetmə qrupları səfərbər edilib, Müdafiə Qüvvələri cəlb olunub, 200-dən çox təcili yardım briqadası səfərbər edilib” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.