Fermada quduzluğa yoluxma halının təsdiqlənməsi səbəbindən Qurcaani Munisipalitetində karantin elan edilib
Fermada quduzluğa yoluxma halının təsdiqlənməsi səbəbindən Qurcaani Munisipalitetində karantin elan edilib

 

Qurcaani Munisipalitetində karantin elan edilib. Bu haqda məlumatı Milli Qida Agentliyi yayır.

Onların məlumatına əsasən, karantin Qurcaani Munisipalitetində fermalardan birində qeydə alınan quduzluğa yoluxma halı ilə bağlıdır.

“Qurcaani Munisipalitetinin Çalaubani kəndi yaxınlığındakı ərazidə, İori çayı yaxınlığında yerləşən fermada quduzluğa yoluxma halı təsdiqlənib. Fermada 1000 baş xırdabuynuzlu və 17 baş iribuynuzlu heyvan, iki at və altı it saxlanılır.

Cari ilin mayın 14-də aqressivliyi ilə seçilən itlərdən biri beş iti, bir qoyunu və bir baş iribuynuzlu heyvanı dişləyib. İt bir neçə gündən sonra ölüb, bundan sonra da patoloji material Kənd Təsərrüfatı Dövlət Laboratoriyasına göndərilib. Laboratoriya tədqiqatı nəticəsində (analiz protokolu №3668), itdə quduzluq xəstəliyi təsdiqlənib.

Araşdırma nəticəsində məlum olub ki, sözügedən heyvanlar quduzluğa qarşı peyvənd olunmayıblar. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, quduzluğa yoluxma şübhəsi olan peyvənd olunmamış heyvanlar dərhal quduzluğa qarşı peyvənd edilməli və sahibinin məsuliyyəti altında 6 aylıq nəzarət müəyyən olunmalıdır.

Yoluxma qeydə alınan məntəqədə və təhlükə daşıyan ərazidə karantin elan edilib. Milli Qida Agentliyi quduzluğun aradan qaldırılması istiqamətində – xəstəliyə qarşı həssas olan heyvanların məcburi peyvəndlənməsi, dezinfeksiya işləri, heyvanların yerdəyişməsinin məhdudlaşdırılması və quduzluğa qarşı həssas heyvanların sağlamlıq vəziyyətinə nəzarət də daxil olmaqla tədbirlərə başlayıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.