Evlənmək məqsədilə azadlığın qanunsuz məhdudlaşdırılması və zorlamada ittiham olunaraq üç nəfər saxlanılıb

11:03, 02.02.2026

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları əvvəlcədən razılaşdırılmış qrup tərkibində azadlığın qanunsuz məhdudlaşdırılması və zorlama ittihamı ilə üç nəfəri — 1996-cı il təvəllüdlü K.K., 1992-ci il təvəllüdlü S.K. və 1997-ci il təvəllüdlü E.B.-ni saxlayıblar.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, K.K. əlbir olduğu şəxslərlə — S.K. və E.B. ilə birlikdə evlənmək məqsədilə 2006-cı il təvəllüdlü qızı zor tətbiq edərək avtomobilə mindirib, onu Qardabani bələdiyyəsinin ərazisinə aparıb, azadlığını qanunsuz olaraq məhdudlaşdırıb və ona qarşı cinsi zorakılıq törədib.

“Mühafizə orqanları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxslər cinayətin törədilməsindən qısa müddət sonra, isti izlərlə saxlanılıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi və 137-ci maddəsinin 1-ci hissəsi ilə aparılır ki, bu da 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, — DİN-in məlumatında deyilir.

Oxşar