"Euronews" - Türkiyə hakimiyyətinin qərarı ilə "C-130" tipli hərbi nəqliyyat təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılacaq
Türkiyə hakimiyyətinin qərarı ilə “C-130” tipli hərbi nəqliyyat təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılacaq. Bu haqda məlumatı “Euronews” yayır.
Teleşirkətin yazdığı kimi, Türkiyə hökuməti bu qərarı Gürcüstan ərazisində baş verən və 20 hərbçinin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzasından sonra verib.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, “C-130” tipli təyyarələr ətraflı texniki yoxlamadan keçəcəklər. Qurumun bəyanatında qeyd olunub ki, yalnız yoxlamadan uğurla keçən təyyarələr uçuşları bərpa edə biləcəklər.
Amerikada hazırlanan “C-130 Hercules” tipli nəqliyyat təyyarələrindən Türkiyə Silahlı Qüvvələri heyətin daşınması və logistika əməliyyatları üçün geniş istifadə edir.
“Euronews”un məlumatına əsasən, noyabrın 11-də baş verən təyyarə qəzasının səbəbləri hələ müəyyən edilməyib və istintaq davam edir.
Türkiyə Gürcüstan ərazisində qəzaya uğrayan təyyarəni 2012-ci ildə Səudiyyə Ərəbistanından alıb və təmirdən sonra 2014-cü ildən bəri ondan istifadə edilir. Türkiyə Müdafiə Nazirliyi, təyyarənin sonuncu dəfə texniki təminat işlərindən oktyabrın 12-də keçdiyi haqda məlumat verir.
Nəqliyyat təyyarəsi Azərbaycandan Türkiyəyə uçurdu və Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində türk “F-16” tipli qırıcı təyyarələrinə xidmət göstərən hərbçilər olub. Onlar Azərbaycanda Qələbə Gününün qeyd edildiyi tədbirdə idilər.
Həlak olanların dəfn mərasimi onların cənazələri Türkiyəyə təhvil verildikdən və tibbi ekspertiza başa çatdıqdan sonra keçiriləcək.