"Euronews" - Latviyanın Baş naziri və Estoniya Prezidenti Rusiya ilə dialoq aparmaq üçün Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin edilməsi təşəbbüsü ilə çıxış edirlər
Latviyanın Baş naziri Evika Silina və Estoniya Prezidenti Alar Karis Rusiya ilə dialoq aparmaq üçün Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin edilməsi təşəbbüsü ilə çıxış edirlər. Bu haqda məlumatı “Euronews” yayır.
Latviyanın Baş naziri və Estoniya Prezidenti Rusiya ilə istənilən ünsiyyətin Ukrayna ilə məsləhətləşmələr yolu ilə aparılmalı olduğunu bildiriblər.
Onların fikrincə, nümayəndə konsensus əsasında təyin olunmalıdır.
Silina Fransa Prezidenti Emmanuel Makronu, Almaniyanın kansleri Fridrix Mertsi, Polşanın Baş naziri Donald Tusku və Böyük Britaniyanın Baş naziri Kir Starmeri potensial Avropa nümayəndələri olaraq göstərib.
Makrondan fərqli olaraq, Merts birbaşa danışıqlara qəti şəkildə qarşı çıxırdı.
“Bəli, bizə həqiqətən nümayəndə lazımdır. Yəqin sual eşidilir, o kim olacaq? Və düşünürəm ki, çoxlu variantımız var” – Evika Sillina əlavə edib.
Estoniya Prezidenti Alar Karis adları çəkməkdən imtina edib, lakin qeyd edib ki, seçilmiş nümayəndə böyük Avropa ölkəsindən olmalıdır və “hər iki tərəfin etibarına” malik olmalıdır.