“Euronews” – Fransada şagirdlər liseyləri bloklayır və polislə toqquşmalarda iştirak edirlər, bir neçə şəhərdə yeniyetmələr zibil qutularını yandırıblar
Fransada şagirdlər liseyləri bloklayır və polislə toqquşmalarda iştirak edirlər. Bu barədə “Euronews” məlumat verir.
Medianın məlumatına əsasən, Fransanın bir neçə şəhərində yeniyetmələr zibil qutularını yandırıblar, bir hissəsi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar, daş və başqa əşyalar atıb. Polis onların əleyhinə gözyaşardıcı qazdan istifadə edib. 100-dən çox şəxs saxlanılıb.
Etirazda iştirak edən şagirdlər təhsil şəraitindən narazılıqlarını ifadə edirlər. Onların tələbləri tədris cədvəlinin dəyişdirilməsi, siniflərdə şagird sayının azaldılması, müəllim çatışmazlığı probleminin həlli və son dövrdəki şiddətli istilər səbəbindən sinif otaqlarında şəraitin yaxşılaşdırılmasıdır.
Fransanın Təhsil Nazirliyinin göstəricilərinə əsasən, təkcə İl-de-Frans regionunda şagirdlər onadək liseyi bloklayıblar. Etiraz aksiyaları həmçinin Paris, Lill, Nant, Marsel, Bordo və Lionda keçirilib. Lilldə maskalı şagirdlər liseyin ətrafında zibil qutularını yandırıblar. Həmçinin avtobus dayanacaqları və reklam bannerləri zərər görüb.
Nantda onlarla zibil qutusu ilə “Qabriel Qisto” liseyinin girişini bağlayıblar, Parisdə isə “Araqo” liseyinin yaxınlığında təxminən 30 şagirdlə polis arasında toqquşma baş verib. Parisdə, “Lamartin“ liseyinin ətrafına 80-dək şagird toplanıb.
Fransanın Baş naziri Sebastian Lekornu bildirib ki, şagirdlərin aksiyaları zamanı zorakılığın haqq qazandırılması yoxdur. O, nümayişlərin genişləndirilməsi çağırışını “məsuliyyətsizlik” adlandırıb. Lekornu bu şəkildə şagirdlərin etiraz hərəkatını genişləndirməyə çağıran ultra-solçu “Tabe Olmayan Fransa” partiyasını tənqid edib.
Öz növbəsində, Fransanın daxili işlər naziri blokadanın “normal, tipik etiraz aksiyası” hesab edilə bilməyəcəyini bəyan edib.