"Euronews" - Avropa İttifaqı oğurlanmış Ukrayna taxılı ilə yüklənmiş Rusiyanın “kölgə donanması"na aid gəmini qəbul etdiyi üçün İsrailə sanksiyalar tətbiq etməyə hazırdır
Avropa İttifaqı oğurlanmış Ukrayna taxılı ilə yüklənmiş Rusiyanın “kölgə donanması”na aid gəmini qəbul etdiyi üçün İsrailə sanksiyalar tətbiq etməyə hazırdır. Bu haqda məqaləni “Euronews” yayır.
Nəşrin yazdığı kimi, Ukrayna ilə İsrail arasındakı münasibət Rusiya tərəfindən Ukraynadan oğurlanmış taxılı daşıyan gəminin İsrailin Hayfa limanına çatmasından sonra gərginləşib.
“Euronews”un məlumatına əsasən, Avropa İttifaqı İsrailə xəbərdarlıq edib ki, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə oğurlanmış Ukrayna taxılının ticarətini dəstəkləyənlərə sanksiyalar tətbiq etməyə hazırdır.
“Avropa İttifaqı Ukrayna və İsrail hakimiyyətləri arasında bu məsələ ilə bağlı təmaslara baxmayaraq, oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya “kölgə donanması”nın gəmisinin İsrail tərəfindən Hayfa limanında lövbər salmasına icazə verilməsi barədə məlumatı nəzərə alıb. Biz Rusiyanın qanunsuz müharibə səylərinin maliyyələşdirilməsinə və Avropa İttifaqının sanksiyalarından yayınmağa kömək edən bütün hərəkətləri pisləyirik” – Avropa Komissiyasının sözçüsü “Euronews”a deyib.
Məlumat üçün bildirək ki, Panama bayrağı altında üzən gəminin Hayfaya gəlişi Ukrayna ilə İsrail arasında gərginliyi artırıb. “Panormit” adlı gəmi ehtimal ki, 6200 tondan çox buğda və 19000 ton arpa daşıyırmış. Ukrayna Prezidenti Volodimir Zelenski İsraili rus gəmisini qəbul etməkdən imtina etməyə çağırıb və hökumətinin avropalılarla koordinasiyalı şəkildə “bu cinayətkar sxemdən qazanc əldə edənlərə” qarşı “müvafiq sanksiyalar” hazırlamağa başlayacağını bəyan edib.