Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsində İqlim Dəyişikliyi Qanunu ilə bağlı işçi görüş keçirilib
Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsində İqlim Dəyişikliyi Qanunu ilə bağlı işçi görüş keçirilib. Bu haqda məlumatı Gürcüstan Parlamenti yayır.
Qurumun məlumatına əsasən, komitə İqlim Qanunu üzrə məsləhətləşmə sənədləri (yaşıl və ağ kitablar) əsasında qanun layihəsinin ilkin variantını hazırlayıb. Komitənin sədri Maia Bitadze iqlim dəyişikliyi ilə bağlı məsələlərin vahid qanunvericilik aktında cəmləşdirilməsinin zəruriliyini vurğulayıb.
Komitənin sədri qeyd edib ki, İqlim Qanunu iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün Gürcüstan tərəfindən siyasi sənədlərin işlənib hazırlanması və təsdiqlənməsi qaydalarını tam əhatə etməlidir.
Gürcüstan Parlamenti Gürcüstanın İqlim Qanununun işlənib hazırlanmasında aparıcı rol oynayır və bu prosesə milli səviyyədə rəhbərlik edir.
“İqlim dəyişikliyi ilə bağlı qanun layihəsinin qəbulu həm Assosiasiya Sazişi, həm də ölkənin Enerji Birliyi Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin əsas təməl daşlarından biridir. Bundan başqa, Gürcüstan regionda iqlim dəyişikliyi qanununa malik olacaq ilk ölkələrdən biridir” – Maia Bitadze bildirib.