Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin sistemində yeni qurum “Milli Qastronomiya Agentliyi” yaradılıb
Gürcüstan hökumətinin qərarı ilə bu gündən Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin sistemində yeni publik hüquqi şəxs – “Milli Qastronomiya Agentliyi” fəaliyyətə başlayır.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi agentliyin ölkənin qastronomiya irsinin qorunması, inkişafı, populyarlaşdırılması və beynəlxalq tanınmasının gücləndirilməsi, eləcə də qastronomiya sahəsində vahid dövlət siyasətinin (strategiyasının) formalaşdırılması və həyata keçirilməsi məqsədilə yaradıldığına dair məlumat verir.
Onların məlumatına əsasən, bu mərhələdə agentliyin rəhbəri vəzifəsini müvəqqəti olaraq ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Laşa Avaliani icra edəcək.
“Milli Qastronomiya Agentliyi gürcü qastronomiya irsinin tədqiqini, qorunmasını və populyarlaşdırılmasını, müvafiq hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlət qurumları, özəl sektor və digər maraqlı tərəflər arasında səmərəli koordinasiyanı, eləcə də yerli məhsulların həm daxili, həm də beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına dəstək verilməsini təmin edəcək.
Agentliyin fəaliyyəti regional inkişaf prosesinə, kənd təsərrüfatının şaxələndirilməsinə və ənənəvi yerli məhsulların kommersiyalaşdırılmasına kömək edəcək, bu da kənd əhalisinin gəlirlərini artıracaq, yerli istehsalı gücləndirəcək və kəndin iqtisadi inkişafını təşviq edəcək.
Milli Qastronomiya Agentliyinin fəaliyyəti, həmçinin Gürcüstanın turizm potensialının, xüsusən də aqro və qastronomiya turizminin inkişafı istiqamətində mühüm rol oynayacaq. Bununla yanaşı, coğrafi göstəricilərin və mənşə adlarının qorunması və istifadəsi təcrübəsi gücləndiriləcək, bu da gürcü məhsulunun keyfiyyətinin, orijinallığının, nüfuzunun qorunmasını və istehlakçıların etibarının artmasını təmin edəcək” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.