Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi müəyyən plastik əşyaların istifadəsinin qadağan edilməsi ilə bağlı məlumat yayır
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yanvarın 1-dən qüvvəyə minəcək qida ilə təmas üçün nəzərdə tutulmuş müəyyən plastik əşyaların istifadəsinin qadağan edilməsi ilə bağlı məlumat yayır.
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Gürcüstan hökuməti 2022-ci ilin 8 iyun tarixli 304 nömrəli “Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar (əşyalar) haqda təsdiq edilməsi barədə” qərara dəyişikliklər daxil edib.
2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklik qida ilə təmas üçün nəzərdə tutulmuş müəyyən plastik əşyaların istifadəsinin qadağan edilməsini nəzərdə tutur.
Plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, sorucu boruların, içki qarışdırıcıların, genişlənmiş polistirol (EPS) materialından hazırlanmış qida konteynerlərinin və onların qapaqlarının, genişlənmiş polistirol (EPS) materialından hazırlanmış istəkanların və onların qapaqlarının istehsalı (ixrac məqsədilə istehsal istisna olmaqla), idxalı və bazara yerləşdirilməsi qadağan edilir.
Həmçinin, plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və istəkanlar vasitəsilə ictimai iaşə müəssisələri tərəfindən istehlakçıya hazır qidanın verilməsi qadağan edilir” – qurum tərəfindən yayılmış məlumatda deyilir.
Nazirliyin izahatına əsasən, tənzimləmə qablaşdırılmış qida üçün nəzərdə tutulmuş plastikdən hazırlanmış birdəfəlik qablaşdırma məmulatlarına (əşyalar) şamil edilmir. Onların məlumatına əsasən, qərar müəyyən keçid dövrünü nəzərdə tutur.
“Bu qərarın qüvvəyə minməsindən əvvəl bazara yerləşdirilmiş plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, sorucu boruların, içki qarışdırıcıların, genişlənmiş polistirol (EPS) materialından hazırlanmış qida konteynerlərinin və onların qapaqlarının, genişlənmiş polistirol (EPS) materialından hazırlanmış istəkanların və onların qapaqlarının qərar qüvvəyə mindikdən sonra üç ay ərzində bazara yerləşdirilmiş olmasına icazə verilir.
Həmçinin, plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və istəkanlar vasitəsilə ictimai iaşə müəssisələri tərəfindən istehlakçıya hazır qidanın verilməsi qərarın qüvvəyə minməsindən altı ay ərzində (2026-cı ilin yanvarın 1-dən) mümkündür.
Milli Qida Agentliyi, Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti səlahiyyəti daxilində texniki nizamnaməyə edilən dəyişikliklərin yerinə yetirilməsinə nəzarət edəcək.
Qeyd etmək vacibdir ki, yuxarıda sadalanan plastik əşyaların istehsalı ixrac məqsədilə qadağan edilmir. Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik əşyaları ixrac məqsədilə hazırlayan istehsalçı istehsala başlamazdan bir ay əvvəl Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan qurumu – Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentini istehsalın başlanma və bitmə tarixləri, hazırlanacaq məmulatların (əşyalar) miqdarı, ixrac ediləcək ölkələr və ixracın həyata keçiriləcəyi müddətlər barədə yazılı şəkildə məlumatlandırmağa borcludur” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.