Estoniyada, Rusiya ilə sərhəd zonasında yeni baryerlər quraşdırılıb. Eston mətbuatının verdiyi məlumata görə, Narva şəhərində, Estoniyanı Rusiya tərəfdəki İvangorodla birləşdirən “Dostluq Körpüsü”ndə iri metal darvaza quraşdırılıb.
Mətbuatın yazdığına görə, bu, təhlükəsizlik sisteminin ilk elementidir və məqsədi Rusiyadan Estoniyaya qeyri-qanuni daxilolmaların qarşısını almaqdır. Hazırda darvaza körpünün avtomobillərin hərəkət etdiyi hissəsində quraşdırılıb. Gələcəkdə analoji baryerlərin körpünün piyadalar üçün nəzərdə tutulmuş hissəsində də quraşdırılması planlaşdırılır.
“Narva sərhəd-keçid məntəqəsinin bütün girişlərində – Rusiya Federasiyasından nəqliyyat vasitələrinin hərəkət etdiyi nöqtələrdə baryerlər quraşdırılacaq və bu vasitələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq,” – deyə Narva sərhəd məntəqəsinin rəhbəri bildirib.
Onun sözlərinə görə, beş il əvvəl Rusiyadan gələn bir avtomobil baryeri dağıdaraq keçmişdi və yeni konstruksiyalar məhz belə halların qarşısını almaq məqsədi daşıyır. Bu, eyni zamanda sərhədçilərə miqrant axınının idarə olunması zamanı vəziyyətə nəzarət etməkdə kömək edəcək.
2025-ci ilin aprelində Estoniya mətbuatı yazırdı ki, həmin ilin payızında Estoniya Rusiya ilə olan bütün sərhəd xəttinin möhkəmləndirilməsinə başlayacaq. Tikinti zamanı keçmiş münaqişələr nəzərə alınacaq. Təhlükə halında mühəndislər minalardan istifadə etməyi planlaşdırır, həmçinin sərhədyanı körpülərin və boru kəmərlərinin partladılması da istisna edilmir.