Estoniya diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün viza tələbi tətbiq edib
Estoniya hökuməti diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün viza tələbi tətbiq edib.
Estoniya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, bu, Avropa İttifaqı tərəfindən qəbul edilmiş və hər bir üzv dövlətin öz qanunvericiliyində həyata keçirməli olduğu qərardır.
“Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” tərəfindən sıravi vətəndaşlara, etirazçılara və jurnalistlərə qarşı repressiyalara, polisin cəzasızlığına və vətəndaş cəmiyyətinin susdurulmasına razı olmadığını göstərən növbəti addımdır” – Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.
Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Avropa İttifaqında biometrik pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişin məhdudlaşdırılması da nəzərdən keçirilir.
Bununla yanaşı, Estoniya Xarici İşlər Nazirliyi 83 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı martın 3-də də məlumat yaydı.