Eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslər üçün nəqliyyat vasitələrinin kateqoriyaları və altkateqoriyalarının dairəsi genişləndirilib
Eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslər üçün nəqliyyat vasitələrinin kateqoriyaları və altkateqoriyalarının dairəsi genişləndirilib

 
Gürcüstanın daxili işlər və əmək, səhiyyə və sosial müdafiə nazirlərinin birgə əmrində edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin kateqoriyaları və altkateqoriyalarının dairəsi genişləndirilib ki, bu nəqliyyat vasitələrinin idarə edilməsi üçün eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslərə əngəl törədən mühit artıq olmayacaq.

“Mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün zəruri olan sağlamlıq haqqında tələblərin və onun yoxlanılması qaydasının təsdiqlənməsi haqqında” əmrə daxil edilən dəyişikliyə əsasən, eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslər “AM”, “A”, “B”, “BE” kateqoriyalarını və “A1”, “A2”, “B1” altkateqoriyalarını idarə etmək hüququnu almaq üçün imtahanda iştirak edə biləcəklər.

İmtahanda iştirak üçün operativ müdaxilə, protezləşdirmə, korreksiya və ya digər nəsə yolla əlavə funksional nəticələr əldə etmək əsas olmayacaq. Qeyd olunan sağlamlıq vəziyyəti olan şəxs Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq imtahanı verdiyi təqdirdə, adı çəkilən kateqoriyaya/altkateqoriyaya aid nəqliyyat vasitələrini idarə etmək hüququna malik olacaq.

Əmrə dəyişikliklər edilməzdən əvvəl eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslərə “AM” və “A1” kateqoriya/altkateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ verilirdi, “B” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququnu qazanmaq üçün imtahanda iştirak etmək hüququ yalnız müəyyən ilkin şərtlər təmin edildikdə verilirdi.

Birgə əmr layihəsinin hazırlanması zamanı Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarının təcrübəsi, eləcə də eşitmə qabiliyyətinin zəifləməsi halında „AM“, „A“, „B“, „BE“ kateqoriyaları və „A1“, „A2“, „B1“ altkateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün hər hansı məhdudiyyət və ya qadağanın tətbiqini nəzərdə tutmayan Avropa Parlamentinin və Şuranın 2006-cı ilin 20 dekabr tarixli “Sürücülük vəsiqələri haqqında” direktivinin yanaşması istifadə olundu.

Qeyd edilməlidir ki, birgə əmr layihəsinin hazırlanması zamanı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən dəstəklənən “İnsan hüquqları hamı üçün – II mərhələ” layihəsi çərçivəsində tədqiqat aparılıb, tədqiqatın məqsədi eşitmə əngəlli və eşitmə qabiliyyəti zəif olan şəxslər üçün “B” kateqoriyalı nəqliyyat vasitəsinin sürücülük vəsiqəsini almağın ən yaxşı beynəlxalq təcrübəsini öyrənməyə xidmət edirdi.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.