Ermənistanın iqtisadiyyat naziri – Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi gündəmdə deyil, Avropa İttifaqına qoşulma paralel prosesdir

14:49, 13.01.2025

 
Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu təşkilatdan çıxmaq məsələsi gündəmdə deyil. Bu haqda Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan mətbuat konfransında bildirib.

“Avropa İttifaqına qoşulma prosesi paralel prosesdir. Bizim vəzifəmiz bu gündəmi müzakirə etmək deyil, iqtisadiyyatımızın davamlılığını artırmaqdır. Ermənistan Avrasiya İqtisadi İttifaqında və ya Avropa İttifaqında olmasından asılı olmayaraq öz məhsullarının rəqabət qabiliyyətini artırmalıdır” – Papoyan qeyd edib.

Papoyanın izahatına əsasən, Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqını başqa bir şeylə əvəz etmək haqda düşünmür.

“Biz müstəqil olmaq istəyirik. Bu, birinə deyil, çoxuna arxalanmaq və eyni zamanda, çoxlarını müəyyən qədər bizdən asılı vəziyyətə salan şərait yaratmaq deməkdir. Elə bir dövlətə çevrilməliyik ki, iqtisadiyyatımıza nəsə olduqda, bu, digər ölkələrin iqtisadiyyatında da özünü göstərsin, bu halda risklər azalacaq. Heç nə dəyişməməlidir, Avrasiya İqtisadi İttifaqı  çərçivəsində [ticarətin] həcmini saxlamaq və artırmaq, həmçinin bu göstəricini başqaları ilə artırmaq lazımdır” – Papoyan qeyd edib.

Xatırladaq ki, Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Kremldə bu qərara münasibət bildiriblər və qeyd ediblər ki, Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda olması ehtimalı azdır.

Oxşar