Ermənistanın daxili işlər naziri Gürcüstana rəsmi səfər edib
Ermənistanın daxili işlər naziri Gürcüstana rəsmi səfər edib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze nümayəndə heyəti ilə birlikdə Gürcüstanda rəsmi səfərdə olan Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarqsyana ev sahibliyi edir. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, iki ölkənin daxili işlər nazirləri Gürcüstanın Daxili İşlər Nazirliyinin ərazisində yerləşən xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polislərin memorialına əklil qoyublar.

Tədbirdə Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyan, səfirliyin nümayəndələri, nümayəndə heyətinin üzvləri, həmçinin daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və qurumun digər rəhbər şəxsləri iştirak ediblər.

Rəsmi səfər çərçivəsində Arpine Sarqsyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.

Bununla yanaşı, iki ölkənin daxili işlər nazirləri “Gürcüstan hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında razılaşma”nı imzalayacaqlar.

İki günlük səfər çərçivəsində Ermənistan Respublikasının daxili işlər naziri həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzinə – 112-yə, Daxili İşlər Nazirliyinin Akademiyasına, Patrul Polisi Departamentinə, Xidmət Agentliyinə baş çəkəcək və onların fəaliyyəti ilə tanış olacaq.