Ermənistanda müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan məhkəməyə aparılıb. Məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır

12:55, 07.07.2026

Ermənistanda müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan İstintaq Komitəsində beş saat davam edən dindirilmədən sonra binanı tərk edib.

Tsarukyan istintaq qurumunun qarşısına toplaşan və “Tsarukyan, biz səninləyik” şüarları səsləndirən tərəfdarlarına bildirib ki, irəli sürülən ittihamlar tamamilə uydurmadır.

“Bu ittihamlar tamamilə qondarmadır. Bunlar yalan və farsdır. Hər şey öz yerini tapacaq”, – deyə o bildirib.

Daha sonra müxalifət lideri məhkəməyə aparılıb. Hazırda məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Qeyd olunur ki, prokurorluğun həbs tələbi məhkəməyə gecə saatlarında təqdim edilib.

İyulun 6-da Ermənistan İstintaq Komitəsi bəyanat yayaraq bildirib ki, İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsinin araşdırdığı cinayət işi üzrə toplanmış sübutlara əsasən, Qaqik Tsarukyanın təşkil etdiyi qrupun üzvlərinin 2022–2024-cü illərdə xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması əməllərini törətməkdə şübhəli bilindiyi müəyyən olunub.

Tsarukyanın vəkili isə ittihamları “absurd” və “gülünc” adlandırıb.

Oxşar