Ermənistan Vəkillər Akademiyasının rektorunun məlumatına əsasən, Nikol Paşinyan tərəfindən kilsə haqda verilmiş bəyanatlar ilə bağlı Korrupsiyanın Qarşısının Alınması Komissiyasına şikayət daxil olub
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən kilsə haqda verilmiş bəyanatlar ilə bağlı ölkənin Korrupsiyanın Qarşısının Alınması Komissiyasına şikayət daxil olub.
Erməni mediasına əsasən, bu barədə Ermənistan Vəkillər Akademiyasının rektoru Ara Zohrabyan deyib.
Ara Zohrabyan bildirib ki, Nikol Paşinyan baş nazir vəzifəsini tutarkən “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilmiş – dövlət qulluğu haqqında məlumatlılıq, ictimai maraqlara sadiqlik, yaxşı davranış və hörmət, dürüstlük, obyektivlik kimi davranış prinsiplərini rəhbər tutmağa borcludur.
“İstənilən şəraitdə yaxşı davranış, nəzakət, takt və təmkin nümayiş etdirməyə borclu olan Nikol Paşinyan özünün sərhədsiz (kinayəli) lüğəti ilə, diskriminativ münasibəti ilə dini şəxslərin yüksək rütbəli nümayəndələrinə, xüsusən də bütün ermənilərin katolikosu, yepiskop Mikael Acapaxiana hücum edib və həmçinin, Erməni Müqəddəs Həvari Kilsəsinin müstəqil idarəçiliyinə müdaxilə etməyə çalışır. Xatırladaq ki, “Ermənistan Respublikası ilə Erməni Müqəddəs Həvari Kilsəsi arasında münasibətlər haqqında” qanunun 2-ci hissəsinin 2-ci bəndinə əsasən, Ermənistan Respublikası Erməni Müqəddəs Həvari Kilsəsinin öz iyerarxiyası çərçivəsində özünüidarə hüququnu tanıyır. Bu və digər pozuntularla bağlı Korrupsiyanın Qarşısının Alınması Komissiyasına şikayət daxil olub. Komissiya ehtimal ki, icraata başlayacaq və Ermənistan Respublikasının Baş naziri vəzifəsində olan Nikol Paşinyan tərəfindən davranış qaydalarının pozulmasının mövcudluğu haqda rəy verəcək” – Ara Zohrabyan bildirib.