Ermənistan və Avropa İttifaqı Brüsseldə strateji tərəfdaşlığın yeni gündəliyini imzalayacaqlar
Ermənistan və Avropa İttifaqı bu gün Brüsseldə strateji tərəfdaşlığın yeni gündəliyini imzalayacaqlar. Erməni mediasının məlumatına əsasən, bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos erməni jurnalistlərlə keçirilən görüşdə deyib.
Kos, tərəfdaşlığın yeni gündəliyini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalasın imzalayacaqlarını bildirib.
“Avropa İttifaqı-Ermənistan Şurasının iclası keçiriləcək və iclasda Ermənistan və Avropa İttifaqının strateji tərəfdaşlığının yeni gündəliyi qəbul ediləcək. Bu, fəaliyyət planı, nə edə biləcəyimizin yol xəritəsi olacaq” – Marta Kos bildirib.
O, yeni gündəliyin Ermənistanın iqtisadi inkişafı və institutlarının gücləndirilməsinə kömək edəcək yardımı əhatə etdiyini bildirib. Ermənistan-Avropa İttifaqı Strateji Tərəfdaşlığının gündəliyi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı da əhatə edir.
Marta Kosun qeyd etdiyi kimi, Avropa İttifaqı qarşıdan gələn parlament seçkilərindən əvvəl mümkün hibrid təhdidlərin öhdəsindən gəlinməsində, dezinformasiya və kiberhücumlarla mübarizədə Ermənistana dəstək verəcək. Bu məqsədlə Avropa İttifaqı Ermənistana 12 milyon dollar ayıracaq. Kosun sözlərinə əsasən, bu vəsait təkcə Ermənistan hökuməti üçün deyil, həm də vətəndaş cəmiyyəti və media üçün nəzərdə tutulub. Avropa Komissarının fikrincə, onların rolu hibrid təhdidlərə qarşı effektiv mübarizədə vacibdir.