Ermənistan “Tramp yolu” layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq üzrə çərçivə sazişini ratifikasiya etməyə başlayır

15:26, 15.07.2026

Ermənistan hökuməti “Tramp yolu” layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq üzrə çərçivə sazişinin ratifikasiyası prosesinə başlayır. Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, sənəd hökumətin iclasında müzakirəsiz baxılacaq məsələlər sırasına daxil edilib.

Saziş Ermənistanın Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Bildirilir ki, məhkəmə sazişdə nəzərdə tutulan öhdəliklərin Konstitusiyaya uyğun olduğu barədə qərar verərsə, hökumətin qanunvericilik təşəbbüsü parlamentə təqdim olunacaq.

“Konstitusiya Məhkəməsinin müqavilə ilə nəzərdə tutulan öhdəliklərin Konstitusiyaya uyğunluğunu təsdiqləyən qərar qəbul etməsindən sonra hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş prosedura uyğun olaraq Ermənistan Respublikasının Milli Assambleyasına təqdim ediləcək”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, TRIPP (Trump Road for International Peace and Prosperity – “Trampın Beynəlxalq Sülh və Rifah Yolu”) sazişi 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb.

Oxşar