Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan gələn ay Azərbaycana səfər edəcək
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan gələn ay Azərbaycana səfər edəcək. Simonyan jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Ermənistana səfəri ayın sonuna, onun Azərbaycana səfəri isə gələn aya planlaşdırılır.
“Azərbaycan Prezidentinin köməkçisi Hacıyev artıq Ermənistanda səfərdə olub və indi mən də cavab səfəri etməliyəm. Biz texniki məsələlərdən və əməkdaşlıqdan danışırıq. Dublində məhbuslar məsələsini, eləcə də gələcək görüşlərin gündəliyini müzakirə etdik. Azərbaycan da itkin düşmüş şəxslər məsələsində maraqlıdır və təşəbbüs təqdim edib. Onlar bizə iş planı layihəsini təqdim ediblər və cavab olaraq biz bu məsələlərin həlli üzərində işləyən öz təşəbbüsümüzü hazırlamışıq və təqdim edəcəyik. 1990-cı illərin müharibəsi zamanı itkin düşmüş şəxslərin tapılmasında çətinliklərlə üzləşirik” — Alen Simonyan açıqlayıb.
Simonyan, Ermənistan və Azərbaycan qarşısında duran bütün potensial problemlərin həlli istiqamətində işlər aparıldığını bildirib.
“İtkin düşmüş şəxsləri tapa biləcəyimizi iddia etmirəm. Hər iki tərəf görülən işlərdən narazıdır. Hər iki tərəf təkcə öz məlumatlarına deyil, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlarına da əsaslanır” — Ermənistan Təhlükəsizlik Şurasının katibi qeyd edib.