Ermənistan hökumətinin proqramında ölkənin Apostol Kilsəsinin faktiki rəhbərinin kənarlaşdırılmasının və müəyyən edilmiş qaydada katolikosun varisinin seçilməsinin təmin olunacağı deyilir
Ermənistan hökuməti kilsədə islahatın aparılmasını, maliyyə şəffaflığını və din xadimlərinin mənəvi dürüstlüyünün təmin edilməsini hədəfləyən bir sıra addımlar atmağı planlaşdırır. Bu barədə məlumatı erməni mediası yayır.
Hökumət tərəfindən bu gün təsdiqlənən proqramda bu məsələyə “Mənəvi təhlükəsizlik” adlı bir bölmə həsr olunub.
Sənəddə deyilir ki, dəyərlərə əsaslanan mənəvi həyatın formalaşdırılması problemini həll etmək üçün Ermənistan Apostol Kilsəsində islahatın aparılması həyati zərurət daşıyır.
Bununla yanaşı, proqramda “kənar qüvvələrin Ermənistan Apostol Kilsəsindən hibrid mübarizə dayağı kimi istifadə etməsi təhlükəsindən” bəhs edilir.
“Ermənistan Apostol Kilsəsində islahatın aparılması gündəliyi kilsənin kanonik çərçivəyə salınmasına xidmət edir və onun siyasiləşdirilməsini istisna edir. Mənəvi təhlükəsizliyin təmin edilməsi, kənar qüvvələrin Ermənistan Apostol Kilsəsindən hibrid mübarizə dayağı kimi istifadə etmək cəhdlərinin qarşısının alınması və kilsədə islahatın aparılması məqsədilə səylər aşağıdakı gündəliyin icrasına yönəldiləcək:
Ermənistan Apostol Kilsəsinin faktiki rəhbərinin kənarlaşdırılması (pensiyaya çıxarılması) təmin ediləcək və müəyyən olunmuş qaydada katolikosun varisinin seçilməsi həyata keçiriləcək;
Qəbul olunmuş prinsiplərə riayət edilməsi, maliyyə şəffaflığı və din xadimlərinin mənəvi dürüstlüyünün təmin olunması mexanizmlərini müəyyən etməli olan Ermənistan Apostol Kilsəsinin Nizamnaməsinin qəbulu təmin ediləcək;
Müəyyən olunmuş qaydada ermənilərin katolikosunun seçilməsi təmin ediləcək. Hökumət, həmçinin din xadimlərinin dövlət sosial təminat sisteminə cəlb edilməsinə və kilsənin maliyyələşməsinin şəffaflığının təmin olunmasına başlayacaq” – Ermənistan Respublikası hökumətinin beşillik proqramında deyilir.