Ermənistan hökuməti “Avropa İttifaqına daxil olma prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib
Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
Məsələni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib və qeyd edib ki, qanun layihəsi vətəndaş təşəbbüsü şəklində parlamentə təqdim olunub, indi isə hakimiyyət öz mövqeyini bildirməlidir.
“Siz, cənab Baş nazir, Avropa Parlamentində də bəyan etdiniz ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqı ilə yaxınlaşmağa hazırdır. Mən vizanın liberallaşdırılması prosesinin başlanmasını və Avropa İttifaqı ilə istifadə olunan və ya müzakirə edilən bir sıra digər vasitələri nəzərdə tuturam. Bütün bunlara əsaslanaraq, biz müsbət cavab verilməsini təklif edirik” – Ararat Mirzoyan bildirib.
Öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ancaq milli referendumla mümkündür.
“Hökumətin de-yure mövqeyi ondan ibarətdir ki, hökumətin bu qanunvericiliyə heç bir etirazı yoxdur, amma bunun nə demək olduğunu da qeyd etmək istəyirəm. Bu, sözün hərfi mənasında Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil, çünki bu məqama nail olmaq və ya bu məsələ ilə bağlı qərar qəbul etmək qanun, hətta hökumətin qərarı səviyyəsində ola bilməz. Qərar ancaq referendumla verilə bilər, başqa yol yoxdur” – Nikol Paşinyan bildirib.