Ermənistan Baş nazirinin ofisinin məlumatına görə, Nikol Paşinyan İrakli Kobaxidzeyə Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini çatdırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub. Bu barədə məlumatı Ermənistan Baş nazirinin ofisi yayıb.
“Nikol Paşinyan həmkarına 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini çatdırıb. Xüsusilə, ‘Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş’, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə ünvanlanmış birgə müraciət, eləcə də regional kommunikasiya xətlərinin ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və ikitərəfli qarşılıqlı razılaşma əsasında açılması məsələləri, həmçinin ‘Beynəlxalq sülh və rifah üçün Tramp yolu’ layihəsi barədə məlumat verib”, – bəyanatda qeyd olunur.
Nikol Paşinyan Vaşinqtonda əldə olunmuş razılaşmaları açıq şəkildə alqışladığı üçün İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.
Ermənistan və Gürcüstanın Baş nazirləri, həmçinin ikitərəfli və regional münasibətlərin gündəliyi barədə fikir mübadiləsi aparıblar.
“Onlar bu fikri bölüşüblər ki, Ermənistan və Azərbaycan arasında sülh bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır”, – bəyanatda vurğulanır.