Erməni mediasının məlumatına əsasən, Sağmosavank monastırının baş keşişi Paren Arakelyanı saxlayıblar, Araqatsotn yeparxiyasının baş keşişinin evində isə axtarış aparılıb
Ermənistanda Sağmosavank monastırının baş keşişi Paren Arakelyanı saxlayıblar, Araqatsotn yeparxiyasının baş keşişi, yepiskop Mkrtiç Proşyanın evində isə axtarış aparılıb.
Bu haqda məlumatı erməni mediası yayır.
Yayılmış məlumata əsasən, Paren Arakelyan Ağır Cinayətlərin İstintaq Departamentinə aparılıb.
Araqatsotn yeparxiyasının baş keşişi katolikosun bacısının oğludur. Bundan əvvəl din xadimi Aram Asatryan 2021-ci ildə müxalifətin təşkil etdiyi bütün aksiyalarda təzyiq altında iştirak etdiyini bildirmiş və Araqatsotn yeparxiyasının baş keşişini təqibdə ittiham etmişdi.
Bundan sonra Araqatsotn yeparxiyası bəyanat yayaraq, müsahibənin məqsədinin keşişdən antiklerikal kampaniyaya dəstək, Müqəddəs Erməni Apostol Kilsəsini nüfuzdan salmaq üçün istifadə etmək olduğunu və bütün bunların hakimiyyət tərəfindən təşəbbüsünün irəli sürüldüyünü qeyd edib.