Erməni mediası - Yaxın saatlarda Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə rus taxılını Ermənistana gətirəcəklər
Yaxın saatlarda Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə rus taxılını Ermənistana gətirəcəklər. Erməni mediasının məlumatına əsasən, bu haqda Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu”nun direktoru Aleksei Melnikov Yerevanda keçirilən mətbuat konfransında deyib.
Aleksei Melnikov “yeni tarix yazılır”, Ermənistanla Rusiya arasında dəmir yolu əlaqəsi açılır deyib.
“Yaxın saatlarda rus taxılı ilə yüklənmiş 15 vaqon Azərbaycan ərazisindən Gürcüstana, oradan isə Ermənistana gələcək” – Melnikov bildirib.
Həmçinin, Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu”nun direktoru Ermənistanla Qazaxıstan arasında yüklərin Azərbaycandan keçməklə daşınmasının əhəmiyyətindən də danışıb.
“İndi Ermənistandan Qazaxıstana, Rusiyaya və digər dövlətlərə yük daşımaq imkanımız var. Hətta Çinə konteyner daşımaları təşkil edə bilərik” – Melnikov bildirib.
O deyib ki, yeni marşrut Lars sərhəd-keçid məntəqəsinin yüklənməsini azaldacaq və Qara dənizin olduqca bahalı hissəsindən keçməklə yüklərin daşınmasını ucuzlaşdıracaq.
“Ermənistana yük, taxıl və neft məhsulları aparan tərəfdaşlarımız üçün bu vacib marşrutdur. Tərəfdaşlarımız tərəfindən buna tələbat olacaq” – Melnikov bildirib.