Erməni mediası - Rus taxılı ilə yüklənmiş qatar Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlib
Rus taxılı ilə yüklənmiş 15 vaqonlu qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlib.
Bu haqda erməni mediası ölkənin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ermənistan hakimiyyətinin bəyanatına əsasən, Ermənistana dəmir yolu daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması Azərbaycan tərəfindən atılmış vacib addımdır, bu isə regional kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Onlar bildiriblər ki, bu, avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmanın həyata keçirilməsi yolunda praktik addımlardan biridir, bu isə Ermənistan ilə Azərbaycan arasında qurulan sülhün institutlaşdırılmasına kömək edir. Ermənistanda bildirirlər ki, bu təşəbbüs həmçinin qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi baxımından olduqca vacibdir.
Sərhəddə yerləşən dəmir yolu stansiyasında olan Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hazırda Azərbaycan ərazisində olan Qazaxıstandan gələn taxılın yaxın vaxtlarda Ermənistana gətiriləcəyini deyib.
Bununla yanaşı, Rusiya Dəmir Yollarında yanvar ayına qədər Azərbaycandan keçməklə Ermənistana taxılla yüklənmiş daha 132 vaqonun göndərilməsinin planlaşdırıldığını bildiriblər.