Erməni mediası – EAEU-nun hesabatına əsasən, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edərsə, bu, ölkə üçün ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq
Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edərsə, bu, ölkə üçün ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq – bu barədə erməni mediası Avrasiya İqtisadi İttifaqının (EAEU) hesabatına istinadən yazır.
Onların məlumatına əsasən, hesabat Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri tərəfindən hazırlanıb və orada Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü dayandıracağı təqdirdə Yerevan üçün mümkün iqtisadi nəticələr təsvir olunub.
Hesabata əsasən, ittifaqa üzvlüyün dayandırılması Ermənistanın ÜDM-nin 15.6 faiz azalmasına, inflyasiyanın 14.9 faiz bəndi artmasına və istehlakın 14.6 faiz azalmasına səbəb olacaq.
Hesabatda deyilir ki, Ermənistana tədarük edilən qazın qiyməti min kubmetr üçün 177.50 ABŞ dollarından 300 ABŞ dollarınadək qalxacaq, bu da qiymətin 69% artması deməkdir. Hesabatda həmçinin deyilir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması Ermənistan vətəndaşları üçün əmək miqrasiyası şərtlərinin sərtləşməsinə gətirib çıxaracaq.
Sənədə əsasən, həmçinin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə gömrük nəzarəti və vergilər, eləcə də malların tam sanitariya nəzarəti və vergiyə cəlb olunması bərpa olunacaq. Hesabata əsasən, Ermənistanda istehsal olunan malların ixracı 30-50 faiz, təkrar ixrac isə 90 faizdən çox azalacaq.