Erməni mediası, ABŞ-nin TRIPP layihə fondunun maliyyələşdirilməsini 402 milyon dollara çatdırması haqda məlumat verir

19:06, 04.08.2026

 

ABŞ hökuməti “TRIPP+ Enterprise Fund”un maliyyələşdirilməsini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara qaldırıb.

“Armenpress”in xəbər verdiyi kimi, müvafiq məlumat ABŞ hökumətinin rəsmi xərclər bazasında – USAspending.gov saytında dərc olunub və sözügedən vəsaitin əsas istifadə yeri kimi Ermənistan göstərilib.

Maliyyələşdirmə Cənubi Qafqazı Transxəzər nəqliyyat koridoruna birləşdirmək üçün Cənubi Ermənistandan keçən nəqliyyat dəhlizinin inkişafını nəzərdə tutan TRIPP təşəbbüsü (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) ilə bağlıdır.

Dərc edilmiş məlumatlara əsasən, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosu 2026-cı ilin yanvarın 30-da “TRIPP+ Enterprise Fund”a 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı ilin dekabrın 31-dək müəyyən edilib. İyulun 16-da qrantın şərtləri dəyişdirilib və maliyyələşdirmə 402 milyon dollara qaldırılıb, lakin proqramın başa çatma tarixi dəyişməz qalıb.

Medianın məlumatına əsasən, “HigherGov”un məlumatına görə, 402 milyon dolların tamamı artıq sözügedən proqram üçün ayrılıb.

Bununla yanaşı, “TRIPP+ Enterprise Fund” 2026-cı ilin yanvarın 26-da – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşməsindən iki həftə sonra təsis edilib. Görüşdən sonra dərc olunan sənədə əsasən, Cənubi Ermənistanda TRIPP infrastrukturunun inkişafı və icrası məqsədilə “TRIPP Development Company” yaradılacaq. Şirkətin 26%-nə Ermənistan Respublikası, 74%-nə isə ABŞ sahib olacaq.

“Armenpress”in yazdığı kimi, “TRIPP+ Enterprise Fund” və “TRIPP Development Company” bir-birindən fərqli strukturlardır. “TRIPP Development Company” birbaşa infrastruktur layihəsinin inkişafı və icrasına cavabdeh olacaq və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) egidası altında fəaliyyət göstərəcək.

Bundan fərqli olaraq, “TRIPP+ Enterprise Fund” müstəqil investisiya fondudur. Rəhbəri vəzifəsinə biznesmen Konstantin Sokolov təyin edilib. Mənbənin məlumatına əsasən, fond Delaver ştatının şirkətlərinin rəsmi reyestrində “Transxəzər Müəssisələri Fondu” adı altında da qeydiyyata alınıb.

Məqalədə qeyd olunur ki, ABŞ tərəfindən maliyyələşdirmənin artırılması Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında iştirakını genişləndirməyə, həmçinin regionu Transxəzər nəqliyyat koridoru ilə birləşdirəcək layihələri dəstəkləməyə çalışdığı bir dövrə təsadüf edir.

Təşəbbüs müəlliflərinin qiymətləndirməsinə əsasən, TRIPP marşrutunun reallaşdırılması yalnız regional ticarət və logistikaya deyil, həm də Cənubi Qafqazın strateji mühitinə də əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Oxşar