Ərəb mediası Qəzza sektorunda bu gün İsrailin hərbi əməliyyatı nəticəsində azı 34 nəfərin, o cümlədən humanitar yardım almağa çalışan 17 nəfərin həlak olması haqda məlumat verir
Qəzza sektorunda səhərdən İsrailin hərbi əməliyyatı nəticəsində azı 34 nəfər, o cümlədən humanitar yardım almağa çalışan 17 nəfər həlak olub.
Bu barədə məlumatı ərəb mediası yayır.
Yayılmış məlumata əsasən, Qəzza sektorunun xəstəxanalarında son 24 saat ərzində aclıq və yetərsiz qida səbəbindən biri uşaq olmaqla altı yeni ölüm hadisəsi baş verib.
Ərəb mediasına əsasən, müharibə başlayandan bəri aclıqla əlaqəli səbəblərə görə dünyasını dəyişənlərin ümumi sayı 94-ü uşaq olmaqla 181-ə yüksəlib.
Ərəb mediasına əsasən, İsrail tərəfindən iyulun 27-də məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra Qəzzaya yalnız 674 humanitar yük maşını daxil olub, bu da orta hesabla gündə yalnız 84 yük maşını deməkdir. Humanitar təşkilatların məlumatına əsasən, əsas humanitar ehtiyacları qarşılamaq üçün Qəzzanın gündə ən azı 600 yük maşınına ehtiyacı var.