Emmanuel Makron – Ultra-solçu qruplar tərəfindən məqsədi respublikanı devirmək olan qiyam yönümlü əməllər gördük, qətiyyətlə cavab verməli olduğumuz cinayət əməlləri də baş verib

17:40, 22.10.2026

 

Fransa Prezidenti Emmanuel Makronun bəyanatına əsasən, ümumi tövsiyə yaxın günlərdə nümayişlərin keçirilməməsidir.

O, etiraz aksiyalarını davam etdirmək istəyənlərə prefektlərin alternativ marşrutlar təklif edəcəklərini bildirib.

“Bütün ölkə miqyasında həmkarlar ittifaqı təşkilatları etiraz aksiyalarının keçirilməsi üçün tələblər təqdim ediblər. Hazırda bu tələblərə prefektlər tərəfindən qanunvericiliyimizə uyğun olaraq baxılır, lakin şəhərlərimizin mərkəzi məhəllələrini, xüsusilə də mağazaları və ictimai binaları qorumaq üçün alternativ marşrutlar təklif olunacaq. Qaydalar sadədir. Ümumi tövsiyə odur ki, yaxın günlərdə nümayişlər keçirilməsin. Etiraz aksiyalarını davam etdirmək istəyənlərə prefektlər alternativ marşrutlar təklif edəcəklər. Həmkarlar ittifaqı təşkilatları tərəfindən təşkil edilən aksiyalardan başqa, əmin-amanlığı qorumaq, mağazaları və ictimai binaları mühafizə etmək üçün digər nümayişləri qadağan edəcəyik.

Ötən şənbə, oktyabrın 17-də mütəşəkkil ultra-solçu qruplar tərəfindən həyata keçirilən, məqsədi respublikanı devirmək olan siyasi və qiyam yönümlü əməllər gördük. Açıq deyilməlidir ki, onlar bunu etmək niyyətindədirlər, bunu açıq şəkildə, həddindən artıq təhlükəlilik, zorakılıq və planlaşdırma ilə bəyan edirlər. Bununla yanaşı, eyni dərəcədə böyük qətiyyətlə cavab verməli olduğumuz cinayət əməlləri də baş verib” – Makron bildirib.

Oxşar