Emmanuel Makron – Tamamilə misli görünməmiş yanğınla üz-üzəyik, bu gün vəziyyət İkinci Dünya Müharibəsindən sonra qeydə alınan ən ağır vəziyyətdir
Fransa Prezidenti Emmanuel Makron Bordo şəhərindəki yanğınsöndürmə-xilasetmə xidmətinin mərkəzinə baş çəkib. O, ölkənin misli görünməmiş yanğınlarla üz-üzə olduğunu deyib.
“Başa düşməliyik ki, biz tamamilə misli görünməmiş yanğınla üz-üzəyik. Bu gün mövcud olan vəziyyət İkinci Dünya Müharibəsindən sonra qeydə alınan ən ağır vəziyyətdir. 160 000 hektardan çox ərazi artıq yanıb və mövsümün başa çatmasına hələ çox var” – Emmanuel Makron bildirib.
Makron genişmiqyaslı yanğınların söndürülməsi prosesində iştirak edən dövlətlərə təşəkkürünü bildirib.
“Bizə kömək etmək üçün səfərbər olan avropalı dostlarımıza təşəkkür etmək istəyirəm. Bir neçə il əvvəl biz bu Avropa həmrəyliyi mexanizmini yaratdıq. Başlanğıcda biz bundan dağıdıcı yanğınlar nəticəsində ağır zərər çəkən avropalı tərəfdaşlarımıza kömək etmək üçün istifadə edirdik. İndi isə gördüyünüz kimi, ondan özümüz istifadə edirik” – Makron bildirib.
Bununla yanaşı, genişmiqyaslı yanğınları qəsdən törətdiklərinə görə Fransada ümumilikdə 162 nəfər saxlanılıb. Fransanın Baş naziri Sebastian Lekornu, hazırda ölkənin bir neçə hissəsində tüğyan edən yanğınların vətəndaşların səhlənkarlığı ucbatından baş verdiyini bildirib. Lekornu yanğınların başvermə səbəbləri kimi yandırılmış siqaret kötüyünü, barbekünü və təhlükəsizlik tədbirləri görülmədən yerinə yetirilən işləri göstərib. O, yanğını qəsdən törətməyin 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutduğunu deyib.
Məlumat üçün bildirək ki, artıq bir neçə həftədir Fransa və İspaniyada genişmiqyaslı yanğınlarla mübarizə aparırlar. Son məlumatlara əsasən, hər iki ölkədə təxliyə olunan vətəndaşların sayı 360 000-i keçib. Xüsusilə Fransanın Bordo şəhəri və İspaniyanın paytaxtı Madridin ətrafında vəziyyət ağırdır.