Emmanuel Makron Avropa İttifaqını uşaqlar üçün sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı vahid yanaşma hazırlamağa çağırır
Emmanuel Makron Avropa İttifaqını uşaqlar üçün sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı vahid yanaşma hazırlamağa çağırır

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını uşaqlar üçün sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı vahid yanaşmanın hazırlanmasına çağırır. Bu barədə “Bloomberg” yazır.

Fransa prezidenti Almaniya, İspaniya, İtaliya, Yunanıstan və İrlandiya liderləri, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə danışıqlar aparıb. Makron qeyd edib ki, koordinasiyalı yanaşma həm uşaqların və yeniyetmələrin rəqəmsal məkanda qorunmasını gücləndirəcək, həm də iri onlayn platformaların məsuliyyətini artıracaq.

“Bloomberg”in yazdığına görə, Fransa, İspaniya və Yunanıstan da daxil olmaqla bir sıra ölkələr artıq məhdudiyyətlərin tətbiqini müzakirə edir. Lakin hər bir ölkədə fərqli təkliflər – müxtəlif minimum yaş hədləri və qoruma mexanizmləri irəli sürülür ki, bu da Avropa İttifaqında qeyri-vahid qaydaların formalaşması riskini yaradır.

Makron bu təşəbbüslərin Avropa İttifaqı səviyyəsində vahid olmasını istəyir.

Fransa Milli Assambleyası artıq 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Portuqaliya parlamenti isə ilk oxunuşda 13–16 yaş arası uşaqların sosial şəbəkələrdən istifadəsi üçün valideynlərin açıq razılığını tələb edən qanun layihəsini dəstəkləyib. Böyük Britaniyada isə 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi müzakirə olunur.