Emmanuel Makron - Atəşkəsdən sonra təhlükəsizlik təminatları çərçivəsində 26 ölkə Ukraynaya qüvvələri göndərməyə və ya quruda, dənizdə və havada dəstək göstərməyə hazırdır
Fransa Prezidenti Emmanuel Makron bildirir ki, atəşkəsdən sonra təhlükəsizlik təminatları çərçivəsində 26 ölkə Ukraynaya qüvvələri göndərməyə və ya quruda, dənizdə və havada dəstək göstərməyə hazırdır.
Emmanuel Makron bu barədə Parisdə “İstəklilər Koalisiyası”nın görüşündən, eləcə də avropalı liderlərin və Volodimir Zelenskinin Donald Trampla telefon danışığından sonra keçirilən mətbuat konfransında deyib.
Zelenski ilə birgə mətbuat konfransında Makron beynəlxalq kontingentin təmas xəttlərində yerləşdirilməyəcəyini qeyd edib.
O bildirib ki, hazırda qüvvələrin dəqiq yerləşdirmə zonası müəyyənləşdirilir.
Emmanuel Makronun qeyd etdiyi kimi, təhlükəsizlik təminatlarına yönəlik “İstəklilərin koalisiyası”nın yanaşması iki elementdən ibarətdir. O bildirib ki, ilk növbədə, söhbət Ukrayna ordusunun istənilən potensial təcavüzün qarşısını ala bilməsi üçün onun imkanlarının gücləndirilməsindən gedir.
“İkinci element təhlükəsizliyin təmin olunması qüvvələridir. Bu gün 26 ölkə ya Ukraynaya kontingent göndərmək, ya da dənizdə və havada təhlükəsizliyin təmin olunması üçün bu koalisiyanı müəyyən vasitələrlə dəstəkləməkdə maraqlı olduğunu bildirib” – Makron deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində Ukraynanın təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduqlarını təsdiqləyən ölkələrin sayını qələbə adlandırıb.
“Biz ABŞ-nin dəstəyinə ümid edirik. Amerikanın dəqiq töhfəsi yaxın günlərdə dəqiqləşdiriləcək” – Zelenski qeyd edib.