„El Mundo“: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İspaniya, Fransa və İtaliyaya Rusiya dronları ilə hücum edilə biləcəyi barədə xəbərdarlıq yayıb

13:58, 24.09.2026

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İspaniya, Fransa və İtaliyaya Rusiya dronları ilə hücum edilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə İspaniyanın „El Mundo“ qəzeti yazır.

Avropa ölkələrinin xarici işlər nazirlikləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərindən sonra ətraflı hesabat hazırlayıblar. Litva hökumətinin məlumatına görə, Rusiya 600 kilometrədək uçuş məsafəsinə malik „Gerbera“ tipli dronları gəmilərdən buraxmağı planlaşdırır. Beləliklə, Rusiya Avropada dronlarla yeni hücumlara hazırlaşır. Lakin bu dəfə hücumların Aralıq dənizi ölkələrinə qarşı yönəldiləcəyi bildirilir.

„Onlar dənizdən buraxılan dronlardan istifadə edəcəklər. Dronlar gəmidə konteynerin içində gizlədiləcək. Bunu həyata keçirmək heç də çətin deyil“, – deyə nəşrin mənbəsi bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, İspaniya, Fransa və İtaliya hökumətlərinə Rusiyanın bu ölkələrdən birinə qarşı mümkün dron əməliyyatına hazırlaşdığı barədə də məlumat verilib. Bu xəbərdarlıq Emmanuel Makronun reaksiyası ilə üst-üstə düşür. Belə ki, Fransa Prezidenti sentyabrın 16-da Müdafiə Şurasının iclasını çağırdıqdan sonra Yelisey sarayında bütün siyasi partiyaların liderlərini və 2027-ci il prezident seçkilərinin namizədlərini görüşə dəvət edib.

Nəşrin danışdığı bir neçə müdafiə analitiki Avropa ölkələrinin xarici işlər nazirliklərində yayılan Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatından xəbərdar olduqlarını təsdiqləyiblər.

„El Mundo“ iddia edir ki, Rusiyanın əməliyyatının əsas məqsədi böyük dağıntılara səbəb olmaq deyil. Təxminən 4-5 kiloqramlıq partlayıcı yük nəzərə alınmaqla, „Gerbera“ dronlarının daha çox hava limanlarının fəaliyyətini dayandırmaq, yanğın törətmək, hərbi obyektə hücum etmək və ya Avropanın dərinliklərinə çatmaq imkanlarını nümayiş etdirmək üçün istifadə olunacağı bildirilir.

Moskva dəfələrlə bəyan edib ki, Qərb ölkələrinin Ukraynaya silah, kəşfiyyat məlumatları və hərbi məsləhətçilər verməsi həmin ölkələri münaqişənin iştirakçılarına və legitim hədəflərə çevirir.

Oxşar