Ekalata.gov.ge artıq Android və iOS mobil tətbiqlərində də əlçatandır
Gürcüstan hökumətinin təşəbbüsü ilə Gürcüstan Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi tərəfindən yaradılan informasiya portalı – www.ekalata.gov.ge – artıq Android və iOS mobil tətbiqlərində də əlçatandır. Tətbiqlər vasitəsilə istifadəçilər qiymətləri müqayisə edə və istədikləri məhsullar barədə məlumatı mobil cihazlardan da əldə edə bilərlər.
www.ekalata.gov.ge istifadəçilərə müxtəlif ticarət şəbəkələrində mövcud olan qiymətləri vahid platformada müqayisə etmək, fərdi səbət yaratmaq və mümkün qənaəti hesablamaq imkanı verir. Portalda 13 əsas ərzaq məhsulu və gündəlik tələbat üçün nəzərdə tutulan 10 qeyri-ərzaq məhsulunun qiymətlərini müqayisə etmək mümkündür.
Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyinin məlumatına görə, portalın inkişafı çərçivəsində platformaya yeni ticarət şəbəkələri əlavə edilib. Hazırda saytda 16 aparıcı ticarət şəbəkəsinin qiymətləri təqdim olunur. Platformaya mağazaların geolokasiya funksiyası da əlavə edilib. Bu funksiya vasitəsilə istifadəçilər ən yaxın filialı tapa bilərlər.
Portalda yerləşdirilən məlumatlar ticarət şəbəkələrinin təqdim etdiyi məlumatlar əsasında operativ şəkildə yenilənir. Bu da istifadəçilərə qiymətlərin hazırkı vəziyyətini müqayisə etmək imkanı yaradır.
Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyinin məlumatına görə, sentyabr ayında qiymət dinamikasına əsasən, ayın əvvəli ilə müqayisədə ayın sonunda 13 əsas ərzaq məhsulundan ibarət ən ucuz səbətin qiyməti 4,4 faiz, gündəlik tələbat üçün nəzərdə tutulan 10 qeyri-ərzaq məhsulundan ibarət səbətin qiyməti isə 5,3 faiz azalıb.
www.ekalata.gov.ge Gürcüstan Baş nazirinin təşəbbüsü və Gürcüstan parlamentinin ərzaq məhsullarının qiymət formalaşması strukturunu araşdıran komissiyasının hazırladığı nəticə əsasında qısamüddətli tədbirlər çərçivəsində bu ilin iyun ayının sonunda fəaliyyətə başlayıb.
Portalın əsas məqsədi istehlakçılara əsas məhsullar üzrə mövcud qiymətlər və təkliflər barədə məlumatı vahid platformada təqdim etmək, müxtəlif ticarət şəbəkələrindəki qiymətlərin müqayisəsini asanlaşdırmaq və məlumatlı seçim etməyə imkan yaratmaqdır.
Strategiya çərçivəsində portalın monitorinqini Gürcüstan Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi həyata keçirir.
Agentlikdən bildirilib ki, platformanın inkişafı davam etdirilir və gələcəkdə istifadəçilər üçün əlavə funksiyaların və xidmətlərin tətbiqi planlaşdırılır.