"Economist" - Sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətində fikir ayrılığı var, Kiril Budanov Rusiya ilə sülh müqaviləsinin tezliklə bağlanmasını tələb edir, nümayəndə heyətinin bir hissəsi isə buna qarşı çıxır
Sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətində Rusiya ilə müqavilənin nə qədər tez bağlanması ilə bağlı fikir ayrılığı var. Bu haqda “Economist” nəşri yazır.
Nəşrin yazdığı kimi, Ukrayna Prezident administrasiyasının rəhbəri Kiril Budanov Rusiya ilə sülh müqaviləsinin mümkün qədər tez bağlanmasını tələb edir, nümayəndə heyətinin bir hissəsi isə buna qarşı çıxır.
Xüsusilə, Kiril Budanovun rəhbərlik etdiyi bir tərəf hesab edir ki, “ABŞ-nin rəhbərliyi ilə müqavilənin ən sürətli bağlanması Ukraynanın maraqlarına ən yaxşı cavab verir”.
“Economist”in məlumatına əsasən, nümayəndə heyətinin ikinci hissəsi, ehtimal ki, “hələ də korrupsiya qalmaqalı səbəbindən istefa verən Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın təsiri altındadır”. Nəşrin xəbər verdiyi kimi, nümayəndə heyətinin bu hissəsi “razılaşmaya sürətlə nail olunmasına daha az meyllidir”.
“Economist”in yazdığı kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu iki tərəf arasında tarazlıq yaratmağa çalışır, lakin onun da öz fikirləri var.
Bununla yanaşı, Ukrayna Prezidentinin mətbuat katibi Dimitri Litvin “Economist”in jurnalisti ilə söhbəti zamanı bəyan edib ki, Andrey Yermak “getdiyindən bəri heç kimə təsir etməyib”. Onun sözlərinə əsasən, “sürətli və ya yavaş” razılaşma deyə bir şey yoxdur.
“Ərazini heç bir zəmanət olmadan güzəştə getmək tez olardı. Dəyərli bir şeyi təmin etmək isə vaxt tələb edir” – Litvin qeyd edib.