“Economist” – Ramzan Kadırov çeçenləri Rusiya-Ukrayna müharibəsinə göndərmək istəmir
Çeçenistanın lideri Ramzan Kadırov çeçenləri Rusiya-Ukrayna müharibəsinə göndərmək istəmir. Bu barədə məlumatı “Economist” yayır.
Nəşrlə söhbətində Çeçenistan liderinə yaxın olan şəxs qeyd edir ki, Kadırovun “ali baş komandan” Vladimir Putinin kursunu dəstəklədiyi barədə səs-küylü bəyanatlarına baxmayaraq, o, real olaraq çeçenlərin Ukrayna müharibəsinə kütləvi şəkildə göndərilməsindən yayınmağa çalışır.
“Moskvanın Ukraynadakı maraqları nə olursa olsun, biz onlardan sonsuz dərəcədə uzağıq. Ramzan Kadırov özünü “Putinin piyada əsgəri” adlandırsa da, o, “vəziyyəti əla şəkildə başa düşür” və “rus dünyası” uğrunda respublika əhalisini qurban vermək istəmir” – mənbə “Economist”lə söhbəti zamanı bildirir.
Nəşr qeyd edir ki, bu vaxta qədər Ramzan Kadırov Çeçenistanda məcburi səfərbərliyə imkan verməməyi bacarırdı və bu da onun “xalqın atası” imicini möhkəmləndirirdi. Bununla yanaşı, “Economist” yazır ki, Kadırov onun üçün arzuolunmaz hesab edilən şəxsləri cəbhəyə məcburi şəkildə göndərməklə Ukrayna müharibəsindən bir növ repressiya aləti kimi də istifadə edirdi.
Cari ilin aprel ayında Ramzan Kadırov Çeçenistanın cəbhəyə 70 000 hərbçi göndərməyə hazır olduğunu bəyan etmişdi. Müharibə başlayandan iyul ayına qədər olan dövrdə Ukrayna müharibəsində 539 çeçen həlak olub.