Ədliyyə Nazirliyi - Mamuka Xazaradze və Badri Caparidze Anaklia Limanı işi ilə bağlı məhkəməni Vaşinqton Arbitrajında da uduzdular
Ədliyyə Nazirliyi - Mamuka Xazaradze və Badri Caparidze Anaklia Limanı işi ilə bağlı məhkəməni Vaşinqton Arbitrajında da uduzdular

 

Mamuka Xazaradze və Badri Caparidze Anaklia Limanı işi ilə bağlı məhkəməni Vaşinqton Arbitrajında da uduzdular – bu barədə məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, Vaşinqton Arbitrajı (Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz – ICSID) Anaklia Limanı işi ilə bağlı qərar çıxarıb və Gürcüstan hökumətinin tələblərini tam təmin edib.

“Bu dəfə artıq Vaşinqton Arbitrajı tərəfindən təsdiqləndi ki, Anaklia Limanı layihəsinin həyata keçirilməməsinə görə Mamuka Xazaradze, Badri Caparidze və onların tərəfdaşları tam məsuliyyət daşıyır və Gürcüstan hökuməti tərəfindən heç bir formada maneəçilik törədilməyib.

Arbitraj tribunali Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış hüquqi arqumentasiyanı tam şəkildə qəbul etdi və müəyyən etdi ki, layihənin maliyyələşdirilməsi öhdəliyi tamamilə öz səbəbinə görə zəruri vəsaiti tapa bilməyən investorun üzərinə düşürdü; Layihənin kommersiya riskini yalnız investor daşıyırdı; Hökumət tərəfindən müqaviləyə xitam verilməsi qanuni idi: tikinti üçün zəruri maliyyənin tapılması ilə bağlı müəyyən olunmuş müddətlər investor üçün dəfələrlə uzadılmışdı. Dövlətin müqavilənin qüvvədə olduğu müddət ərzində Anaklia Layihəsinin həyata keçirilməsini ardıcıl şəkildə dəstəklədiyi sübut olunmuş hesab edildi; Mamuka Xazaradze və Badri Caparidze barəsində çirkli pulların yuyulması ilə bağlı aparılan cinayət təqibinin qanuniliyi şübhə altına alınmadı; “Anaklianın İnkişaf Konsorsiumu” üçün investorların (o cümlədən, Amerika investisiya fondunun) cəlb olunmasına dövlət maneəçilik törətməyib” – Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Onların məlumatına əsasən, qeyd olunan məhkəmə davası çərçivəsində Xazaradze və Caparidzenin niderlandlı tərəfdaşı Bob Meyer 64 milyon ABŞ dollarının ödənilməsini tələb edirdi, lakin arbitraj onun bütün tələblərini rədd etdi və onun üzərinə Gürcüstan hökumətinin xeyrinə 6,5 milyon ABŞ dolları ödəmək öhdəliyi qoydu.

“İctimaiyyətə məlumdur ki, düz bir il əvvəl Anaklia işi üzrə məhkəmə davasını Xazaradze və Caparidzenin Anaklia Konsorsiumu dövlətə qarşı Paris Arbitrajında uduzdu, məhkəmə davası çərçivəsində də onlar dövlət büdcəsindən 1,5 milyard ABŞ dollarının ödənilməsini tələb edirdilər.

Paris Arbitrajı da şikayətçi tərəfin tələblərini tamamilə rədd etdi və əksinə, onların üzərinə dövlətin xeyrinə 650 000 ABŞ dolları ödəmək öhdəliyi qoydu. Xazaradze və Caparidze bu qərardan apellyasiya şikayəti vermədilər, onlar qoyulan məbləği də ödədilər, bununla da Anaklia limanının onların günahı üzündən həyata keçirilə bilmədiyini faktiki olaraq etiraf etmiş oldular” – Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.