Edqars Rinkeviçs – Dünya nizamı pozulur
Latviya Prezidenti BMT kürsüsündən beynəlxalq nizamın pozulması və Rusiyanın təcavüzü haqqında danışıb. Xüsusilə, Rinkeviç qaydalara əsaslanan beynəlxalq sistemin ciddi təzyiq altında olduğunu və qlobal təhlükələrin artıq sərhəd tanımadığını qeyd edib.
“Dünya nizamı pozulur. Sabitlik gətirən qaydalara əsaslanan nizam artan təzyiq altındadır. Yeni nəsə formalaşır. Sonra nə olacağı məlum deyil, lakin bir şey aydındır: dünya dəyişib. Beynəlxalq ticarət, mobillik, texnologiyalar. Uzaqda baş verənlər artıq uzaqda deyil. Qeyri-sabitlik yayılır, münaqişələr isə sərhədləri aşır. Ukraynada baş verənlər yalnız Ukrayna ilə məhdudlaşmır; Yaxın Şərqdə, Qırmızı dənizdə və ya Sudanda inkişaf edən hadisələr də yalnız bu regionların hüdudlarında qalmır. Eyni sözləri digər qlobal təhlükələrə də aid etmək olar. Texnologiyalar məsafənin əhəmiyyətini daha da azaldıb. Süni intellekt nəhəng imkanlar təklif edir, lakin yanlış əllərdə dezinformasiya, destabilizasiya və münaqişənin güclü silahına çevrilə bilər” – Rinkeviçs bildirib.
Prezident qeyd edib ki, bir dövlət başqa ölkənin sərhədlərini güc yolu ilə yenidən yazmağa çalışdıqda, “istənilən qitənin istənilən sərhədi alver obyektinə çevrilir”.
Rinkeviçs, Rusiyanın Ukraynaya qarşı müharibəsinin BMT Nizamnaməsinin fundamental prinsiplərinə birbaşa zərbə vurduğunu bildirib. O, dinc əhalinin, məktəblərin, xəstəxanaların və enerji infrastrukturunun məqsədyönlü şəkildə bombalanmasına xüsusi diqqət çəkib.
“Dronlardan dinc əhaliyə qarşı istifadə edirlər. İnsan həyatına Safaridəki hədəf kimi yanaşırlar. Bu, siyasi fikir ayrılığı deyil – bu, beynəlxalq hüququn ən ağır şəkildə pozulmasıdır. Cinayət harada törədilirsə, məsuliyyət də orada yaranmalıdır” – Latviya Prezidenti qeyd edib.
O, həmçinin Rusiyaya qanunsuz olaraq deportasiya edilmiş ukraynalı uşaqlar probleminə diqqət çəkib və onların ailələrinə qaytarılması istiqamətində göstərdiyi səylərə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkür edib.
Rinkeviçsin sözlərinə əsasən, Latviya NATO və Avropa İttifaqının şərq sərhədi kimi hər gün Belarusdan idarə olunan qanunsuz miqrasiya, kiberhücumlar, təxribatlar və Rusiyanın “kölgə donanması” təhlükələri ilə üz-üzədir. O, 50 illik Sovet işğalını yada salıb və qeyd edib ki, Latviya suverenliyin itirilməsinin bədəlini yaxşı bilir, buna görə də Təhlükəsizlik Şurasının seçilmiş üzvü kimi həmişə beynəlxalq hüququ və kiçik xalqların mənafelərini müdafiə edəcək.