Dünya liderləri Avstriyanın Qrats şəhərindəki məktəbə hücuma münasibət bildirirlər və həlak olanların ailələrinə başsağlığı verirlər
Dünya liderləri Avstriyanın Qrats şəhərində məktəbə edilmiş hücumu qınayır və həyatını itirənlərin ailələrinə başsağlığı bildirirlər. Avstriyanın kansleri Kristian Ştoker hadisəni “milli faciə” adlandırıb və deyib ki, bu, “ölkənin qəlbinə vurulmuş zərbədir”.
“Onlar gənclər idilər – qarşılarında bütün həyat dururdu. Həmçinin onların müəllimi, bu yolçuluqda onlara bələdçilik edən,” – deyə kansler bildirib.
Avstriya prezidenti Aleksander Van der Bellen hadisənin dəhşətini sözlə ifadə etməyin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Avstriya matəm saxlayır və xalq bir-birinin yanındadır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də Avstriyaya başsağlığı verib.
“Fikirlərim qurbanlarla, onların ailələri və dostları ilədir. Məktəblər gəncliyin, ümidi və gələcəyin simvoludur. Onların zorakılıq və ölümün məkanına çevrilməsi çox ağrılıdır. Fövqəladə xidmətlərə və bu çətin anlarda kömək göstərən hər kəsə təşəkkür edirəm,” – deyə Ursula fon der Lyayen sosial şəbəkə X-də yazıb.
Faciəyə Birləşmiş Krallığın baş naziri Kir Starmerin ofisi də münasibət bildirib:
“Fikirlərimiz yaralanan hər kəslə və Avstriya xalqı ilədir,” – deyə bəyanatda deyilir.
Avstriyanın kansleri Kristian Ştokerə və Avstriya xalqına başsağlığı veriblər həmçinin Macarıstanın baş naziri Viktor Orban, İtaliyanın baş naziri Corcia Meloni, Almaniyanın kansleri Fridrix Merts və digər liderlər.
“Qratsda məktəbdə baş verən faciəvi atışmadan sonra Avstriyanın kansleri Kristian Ştokerə və Avstriya xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz və dualarımız qurbanların ailələri ilədir!” – deyə Orban X-də yazıb.
“Italiyada mən və hökumətim Qratsda məktəbdə baş verən faciəvi hadisədən dərindən sarsıldıq. Orada bir şagird bir neçə insanı öldürüb və yaralayıb, bəzilərinin vəziyyəti ağırdır. Həyatını itirənlərin ailələri, yaralananlar və onların yaxınları üçün dua edirik,” – deyə Corcia Meloni bildirib.
“Qratsdan gələn dəhşətli xəbərlər. Fikirlərimiz avstriyalı dostlarımız və qonşularımızladır. Onlarla birlikdə yas tuturuq,” – deyə Almaniya kansleri Fridrix Merts bildirib.
“Qrats məktəbində baş verən atışma məni şoka saldı. Bu, uşaqların özlərini təhlükəsiz hiss etməli olduqları bir məkanda baş verən mənasız zorakılıq aktıdır. Bu çətin zamanda həyatını itirənlərin ailələri və dostları ilə fikirlərim bir yerdədir,” – deyə Avropa Şurasının prezidenti Antoniu Koşta bildirib.