Dünya Çempionatı 2026 | Mayamidə onqollu matç – İngiltərə millisi Fransanı məğlub etdi və bürünc medalın sahibi oldu #1TVSPORT

10:19, 19.07.2026

Dünya çempionatında sonuncudan əvvəlki qarşılaşma üçüncü yer uğrunda keçirildi və bu oyunda bürünc medalın sahibi müəyyənləşdi. Üçüncü yer uğrunda keçirilən matçlara xas olduğu kimi, bu qarşılaşma da istisna olmadı və azarkeşlər 10 qola şahidlik etdilər (Dünya çempionatları tarixində üçüncü yer uğrunda oyunda indiyədək heç vaxt 10 qol vurulmamışdı). İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək, 1966-cı ildə dünya çempionu olduqdan sonra ilk dəfə mundialda medal qazanmağı bacardı.
İngiltərə millisi Dünya çempionatları tarixində ardıcıl üç mundialda bir oyunda ən azı altı qol vuran yeganə komandadır (2018 – Panama 6:1, 2022 – İran 6:2, 2026 – Fransa 6:4).
Oyunda hesabı 3-cü dəqiqədə Deklan Rays uzaq məsafədən vurduğu qolla açdı. Bundan sonra da üstünlük ingilislərin tərəfində oldu. Fransa millisi cəmi bir neçə dəfə hücum qurmağa cəhd etsə də, nəticə əldə edə bilmədi.
İngilislər ilk hissədə daha üç dəfə fərqləndilər – Bukayo Saka dubl etdi, Ezri Konsa isə künc zərbəsindən sonra vurduğu qolla hesabı artırdı. Beləliklə, ilk hissə İngiltərə millisinin 4:0 hesablı üstünlüyü ilə başa çatdı.

İkinci hissəyə Didye Deşam dəyişikliklərlə başladı və Fransa millisi ilk 10 dəqiqə ərzində iki qolun əvəzini çıxdı. Əvvəlcə Kilian Mbappe hesab arasındakı fərqi azaltdı, daha sonra isə əvəzetmədən oyuna daxil olan Bredli Barkola komandasının ikinci qolunu vurdu.
Bundan sonra üstünlük Fransa millisinin tərəfinə keçdi. 66-cı dəqiqədə Mbappe dublunu rəsmiləşdirdi və həm bu mundialın (10 qol), həm də Dünya çempionatları tarixinin (22 qol) təkbaşına ən məhsuldar bombardiri oldu.
İlk qolda olduğu kimi, Mbappenin ikinci qolunda da məhsuldar ötürmənin müəllifi Maykl Olise oldu. O, bir Dünya çempionatında etdiyi məhsuldar ötürmələrin sayını 7-yə çatdıraraq, 1970-ci il mundialında 6 məhsuldar ötürmə ilə yadda qalan Peleni geridə qoydu.

86-cı dəqiqədə Fransa millisinin qapısına penalti təyin olundu. Zərbəni dəqiq yerinə yetirən Bukayo Saka bu oyunda het-trik müəllifi oldu.
Hakimin əlavə etdiyi vaxtda daha iki qol vuruldu. Əvvəlcə Usman Dembele hesab arasındakı fərqi azaltdı, oyunda son nöqtəni isə Cud Bellinqem qoydu – İngiltərə millisi 6:4 hesabı ilə qalib gəldi və 60 ildən sonra ilk dəfə Dünya çempionatında yenidən mükafatçılar sırasına düşdü. İngilislər bu dəfə bürünc medala sahib çıxdılar.

Oxşar