Dünənki aksiyada yaralanan şəxslərdən bu mərhələdə 6 nəfər klinikalarda qalır
Dünənki aksiyada yaralanan şəxslərdən bu mərhələdə 6 nəfər klinikalarda qalır

 

Dünən yaralanan şəxslərdən bu mərhələdə 6 nəfər klinikalarda qalır. Yaralılar İnqoroğva klinikasında və “Vivamed” klinikasında müalicə olunurlar.

Təcili Yardım Departamentinin rəhbəri Ana Dalakişvilinin Gürcüstanın Birinci Kanalına dediyi kimi, hazırda dörd yaralı İnqoroğva klinikasında müalicə alır. O, pasiyentlərdə əsasən üz və baş nahiyəsində xəsarətlərin olduğunu bildirib.

“İlkin saxlama təcridxanasından bizə ümumilikdə 5 yaralı gətirilib. Onlar əsasən üz və baş nahiyəsindən xəsarət alıblar. Həmçinin, bir pasiyentdə göz yuvası nahiyəsində böyük hematoma var idi, lakin pasiyentlərin heç biri cərrahi müdaxiləyə ehtiyac duymadı. Dörd yaralı klinikamıza beyin silkələnməsi diaqnozu ilə yerləşdirilib, bir pasiyent öz istəyi ilə klinikanı tərk edib” – Ana Dalakişvili bildirib.

“Vivamed” klinikasına yerləşdirilən yaralıların vəziyyətinə gəlincə, “Vivamed”in kliniki direktoru Zurab Çxaidzenin dediyi kimi, pasiyentlərdə beyin silkələnməsi müşahidə olunur və onlara xəstəxana şəraitində müalicə təklif olunub.

“Klinikamıza iki pasiyent gətirilib, onların hər ikisi müvafiq laboratoriya və instrumental müayinələrdən keçib. Travmatik xəsarətlər və ya xüsusi sınıqlar yoxdur. Diaqnoz beyin silkələnməsidir və onlara xəstəxana şəraitində müalicə təklif olunub” – Zurab Çxaidze bildirib.