DTX Qriqol Liluiaşvilinin keçmiş müavini Levan Axobadzeni rüşvət alma faktı üzrə saxlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində xüsusilə böyük məbləğdə rüşvət alma faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin keçmiş müavini Levan Axobadze saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.
Brifinqdə qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin üçüncü hissəsinin “e” bəndi ilə aparılır, bu isə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“İş üzrə aparılan istintaqla müəyyən edilib ki, 2024-cü ilin aprel ayında, Dövlət Təhlükəsizliyi Xidmətinin o vaxtkı rəhbərinin müavini vəzifəsini tutarkən, onun üçün məlum olub ki, bir xüsusi sahibkarın Gürcüstan–Rusiya dövlət sərhədində, Lars gömrük-keçid məntəqəsində bəyan edilməmiş 40 000 000 rus rublu (Milli Bankın məzənnəsi ilə 1 164 000 lari) məbləğində nağd pulu müsadirə olunub.
Gürcüstan qanunvericiliyinə əsasən, gömrük sərhədindən 100 000 laridən çox məbləğdə nağd pulun gizli, qanunsuz və ya düzgün bəyan edilmədən keçirilməsi həmin pulun məbləğinin 10%-i həcmində cərimə və ya həmin vəsaitin müsadirəsi ilə cəzalandırılır. Həmin sahibkar qanunla nəzərdə tutulan cəriməni ödəmək və ona məxsus vəsaiti geri almaq üçün qanuni prosedurlara uyğun olaraq Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin müvafiq orqanlarına müraciət edib, lakin pulun qaytarılmasından imtina cavabı alıb. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin keçmiş müavini Levan Axobadze vasitəçilər vasitəsilə onunla əlaqə saxlayaraq müsadirə olunmuş pulun qaytarılmasında kömək edəcəyini vəd edib. Danışıqlar nəticəsində qanunla nəzərdə tutulmuş 10%-lik cərimənin ödənilməsi yolu ilə sahibkar 2024-cü il aprelin 30-da Lars gömrük-keçid məntəqəsində müsadirə olunmuş pul vəsaitini geri alıb, bundan sonra Levan Axobadze vasitəçilər vasitəsilə yenidən onunla əlaqə saxlayaraq göstərilən köməyin müqabilində rüşvət olaraq 500 000 lari tələb edib. Lakin ifadələrdən birinə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin o vaxtkı rəhbəri Qriqol Liluiaşvilinin müdaxiləsi ilə tələb olunan məbləğ yarıya endirilib və müsadirə olunmuş pulun qaytarılmasından bir neçə gün sonra həmin şəxs Levan Axobadzeyə çatdırılması üçün vasitəçiyə 250 000 lari verib. Həmçinin müəyyən edilib ki, rüşvət olaraq ödənilən məbləğ həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinin o vaxtkı rəhbərinin müavininə onun iş otağında verilib.
Bu faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin üçüncü hissəsinin “e” bəndi ilə aparılır, bu isə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İş üzrə istintaq cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi, müvafiq sübutların toplanması və oxşar digər cinayətlərin aşkar edilməsi məqsədilə davam etdirilir”, – DTX-də keçirilən brifinqdə bildirilib.