Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

14:12, 01.08.2026

 

1 avqust Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması günüdür. Bu tarixlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində təntənəli tədbir keçirilib.

Tədbir iştirakçılarına Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili müraciət ediblər.

Onlar xidmətin şəxsi heyətinə ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsinə verdikləri xüsusi töhfəyə görə təşəkkür ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze çıxışı zamanı xidmətin yaradılmasının tarixi əhəmiyyətini vurğulayıb və bildirib ki, bu qurum Gürcüstanda sülhün və təhlükəsizliyin təmin edilməsi işinə böyük töhfə verir, bu da ölkənin demokratik və dayanıqlı inkişafı üçün möhkəm təməl yaradır.

Onun sözlərinə əsasən, son illər ərzində ölkənin daxilində və ya xaricində fəaliyyət göstərən destruktiv qüvvələrdən gələn bütün risklərin qarşısının uğurla alınması və bu gün ölkədə sülh və təhlükəsizliyin təmin olunması hakimiyyətin düzgün, praqmatik siyasətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir.

Qeka Qeladze çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşına ölkəyə ləyaqətlə və sədaqətlə xidmət etdiklərinə görə xüsusi təşəkkürünü bildirib.

“Dövlət təhlükəsizliyinin keşiyində durmaq və hər gün yorulmaz zəhmətlə ölkəmizin təhlükəsizliyinin qorunması kimi böyük işə xidmət etmək xüsusi şərəf və eyni zamanda böyük məsuliyyətdir. Bu qurumun üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən və təhlükəsiz mühiti təmin etməklə ölkəmizin demokratik inkişafına töhfə verən həqiqətən də yüksək peşəkarlığı ilə seçilən komandası var.

Sizə, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə ölkəmizə ləyaqətli və sədaqətli xidmətinizə görə dərin təşəkkürümü bildirirəm. Bu güclü quruma rəhbərlik etmək və sizinlə birlikdə Gürcüstanda dinc və sabit mühitin möhkəmlənməsi üçün hər gün çalışmaq mənim üçün çox böyük şərəfdir” – Qeka Qeladze bildirib.

Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş Dövlət Təhlükəsizliyi Xidməti zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Qeka Qeladze əməkdaşları idarə medalları və döş nişanları ilə təltif edib. Yüksək peşəkarlığa, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və dövlət təhlükəsizliyi mənafelərinin qorunmasına verilən mühüm töhfəyə görə bu il ilk dəfə olaraq Dövlət Təhlükəsizliyi Milli Mükafatı təqdim edilib.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Oxşar