Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə dələduzluq və saxta rəsmi sənəddən istifadə faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları Tbilisi şəhərində külli miqdarda dələduzluq və saxta rəsmi sənəddən istifadə faktı üzrə bir nəfəri saxlayıblar.
DTX-nin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs başqasına məxsus olan və dəyəri bir neçə milyon ABŞ dolları təşkil edən külli miqdarda daşınmaz əmlakı – konkret olaraq Tsğnetidə yerləşən 18 000 kvadratmetrdən çox torpaq sahəsini dələduzluq yolu ilə özgəninkiləşdirməyə cəhd edib.
“Təqsirləndirilən şəxs qeyd olunan əmlakı xarici ölkədə hazırlanmış saxta etibarnamədən istifadə etməklə, bu ilin iyulun 24-də Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində özgəninkiləşdirməyə çalışıb. Torpağı almaq istəyən şəxslə qabaqcadan razılaşma əsasında başqasına məxsus daşınmaz əmlakı dəyərindən xeyli aşağı qiymətə – 1 200 000 ABŞ dollarına özgəninkiləşdirərkən Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb” – DTX-nin məlumatında deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.